Ukrayna prezidenti azərbaycanlı güləşçini mükafatlandırıb

Ukrayna prezidenti Volodimir Zelenski Tokio-2020 Yay Olimpiya Oyunlarında medal qazanmış ölkə idmançıları ilə görüşüb.

Görüşə əslən azərbaycanlı yunan-Roma güləşçisi, 67 kq çəki dərəcəsində gümüş medal qazanmış Pərviz Nəsibov da qatılıb. Zelenski 1 qızıl, 6 gümüş və 12 bürünc olmaqla, ümumilikdə 19 medal qazanmış idmançıları uğurlu çıxışları münasibətilə təbrik edib. O, hazırda dövlətin idman infrastrukturunun yaradılması ilə məşğul olduğunu, idmançı və məşqçilərin tələbatlarına diqqəti artırdığını bildirib. Ukrayna prezidenti digər ölkələrdə çalışan güclü yerli məşqçilərin qayıdışı və əcnəbi mütəxəssislərin cəlb olunması üçün şəraitin yaradılma məsələsini qaldırıb.

Zelenski sentyabrda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın Ukraynaya səfəri zamanı idman infrastrukturunun inkişafı üçün milli proqramın təqdim olunacağını açıqlayıb. Dövlət başçısı gələcəkdə Ukraynada Olimpiya Oyunlarının keçirilməsinin mümkünlüyünü, bunun üçün bütün lazımi idman qurğularının inşa olunacağını diqqətə çatdırıb.

Gənclər və idman naziri Vadim Qutsayt isə 19 medalçının hər birini Ukraynanın qəhrəmanları adlandırıb.

Görüş zamanı Zelenski qızıl, gümüş və bürünc medal qazanmış idmançılara dövlət mükafatları təqdim edib.

Qeyd edək ki, Ukrayna XXXII Yay Olimpiya Oyunlarında medal əyarında 44-cü, medal sayında isə 16-cı yeri tutub.

Comment