Respondentlərin 43,9 faizi COVID pasportu almağı düşünür

Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 10-dan Azərbaycanda COVID-19 pasportunun tətbiq olunduğunu nəzərə alaraq Media Təhlil Mərkəzi (MTM) tərəfindən 16-21 iyun tarixlərində sorğu keçirilib.

Mərkəzdən bildirilib ki, sorğuda iştirak edən 1084 respondentin 50%-ni qadınlar, 50%-ni kişilər təşkil edib.

Sorğunun nəticələrinə əsasən məlum olub ki, respondentlərin 43,9%-i hazırda COVID-19 pasportunu əldə etmədiyini, lakin alacağını, 33,1%-i isə artıq sözügedən sənədə sahib olduğunu bildirib.

Cavab verənlərin 13,3%-i COVID pasportunu almağı düşünmədiyini, 9,7%-i isə tərəddüd etdiyini vurğulayıb.

Respondentlərin 38,3%-i vaksin vurdurmaqla, 6,6%-i isə koronavirusa yoluxub sağaldığına görə COVID-19 pasportu əldə edib. Sorğu iştirakçılarının 55,1%-i hələ ki pasport əldə etməyib.

COVID-19 pasportunun əldə edilməsi ilə bağlı verilən sualın cavabında sorğu iştirakçılarının 15,7%-i sənədi “e-Təbib” mobil tətbiqindən yüklədiyini, 8,7%-i “e-gov.az” saytından əldə etdiyini deyib.

Sənədi vaksin vurdurarkən aldığını deyənlər sorğu iştirakçılarının 16,6%-ni, COVID-19 pasportunun olmadığını söyləyənlər cavab verənlərin 59%-ni təşkil edib.

Sorğunun nəticələrinə əsasən məlum olub ki, respondentlərin 11,8%-i COVID-19 pasportunu iş yerinə, 4,6%-i idman zalına gedərkən təqdim edib. İştirakçıların 3%-i bu pasportu səyahət edərkən, 2,3%-i məscid, kilsə və digər dini obyektlərə gedərkən istifadə etdiyini vurğulayıb.

Respondentlərin 24,4%-nin COVID-19 pasportu olsa da, hələ ki istifadə etmədiyini, 53,9%-i isə sözügedən sənədə sahib olmadığını qeyd edib.