Vitali Kliçko: “Kiyevin inkişafında Bakının təcrübəsindən yararlanmaqda israrlıyıq”

Ukraynanın paytaxtı Kiyev şəhərində rəsmi səfərdə olan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və nümayəndə heyəti üzvləri burada keçirilən Kiyev İnvestisiya Forumunda iştirak ediblər.

Eldar Əzizov Forumda Bakı şəhərinin inkişafı haqqında geniş məlumat verib.

BŞİH başçısı Kiyev İnvestisiya Forumunda çıxışı zamanı qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində Bakı şəhəri çox surətlə inkişaf edir. Onun sözlərinə görə, bu gün Bakı regionun iqtisadi və mədəniyyət mərkəzi kimi inkişaf etməkdə davam edir.

E.Əzizov bildirib ki, pandemiya dövründə koronavirusa qarşı mübarizənin yaratdığı çətinliklərə baxmayaraq Bakı şəhərində iri infrastruktur layihələr gerçəkləşdirilir, yeni məktəblər, uşaq bağçaları tikilir və əsaslı təmir edilir, yollar salınır, yenilənir.

Həmçinin Forum iştirakçılarına erməni millətçilərinin işğal altında olmuş ərazilərimizdə törətdikləri vandalizm faktları, dağıdılan şəhər və kəndlər, mədəniyyət abidələri barədə məlumat verilib.

Forumda çıxış edən Kiyev meri Vitali Kliçko bildirib ki, Bakı surətli inkişafına görə dünyanın top şəhərləri arasındadır: “Kiyev şəhərinin inkişafında Bakının təcrübəsindən yararlanmaqda israrlıyıq”.

Sonra panellər üzrə davam edən Kiyev İnvestisiya Forumunda müxtəlif təqdimatlar keçirilib.

Comment