Kəlbəcərə icazəsiz keçmək istəyənlər saxlanılıb

Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 9-da Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən Natiq Hümbətov, Marif, Aftandil və Anar İsmayılovları saxlayıb. Onlar polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq ediliblər.

Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Comment