Fatma Yıldırım: "Yeni iqtisadi rayonlar gələcək inkişafın yol xəritəsidir"

“Prezident İlham Əliyevin imzaladığı “İqtisadi rayonların yeni bölgüsü haqqında” fərman tarixi və olduqca əhəmiyyətli bir sənəddir".

Bunu Milli Məclisin deputatı Fatma Yıldırım bildirib.

"Bu fərmanın məhz indiki dönəmdə imzalanması çox önəmlidir. 1921-ci ilin iyulunda Rusiya Kommunist Bolşeviklər Partiyasının Mərkəzi Komitəsinin Qafqaz Bürosunun plenumunun iclas-protokolu ilə süni şəkildə yaradılmış “Dağlıq Qarabağ” ifadəsi 100 il sonra Prezident İlham Əliyevin müvafiq fərmanı ilə tam aradan qaldırılmış oldu. Beləliklə, tarixi ədalət bərpa olundu - “Dağlıq” sözü Qarabağdan çıxarıldı”, - deyə o, qeyd edib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan ərazilərinin 30 illik işğalına son qoyulması - Qarabağın erməni işğalından azad edilməsi iqtisadi rayonlar üzrə bölgüyə yenidən baxılmasını şərtləndirirdi.

"İqtisadi rayonların yeni bölgüsü Qarabağın və Şərqi Zəngəzurun inkişafını sürətləndirəcək. Fərmanda qeyd edildiyi kimi, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd olunan ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılması məqsədəmüvafiqdir. Bütün bunlar onu göstərir ki, ölkəmiz üçün müharibədən sonra yeni bir dövr başlayır. Qarabağın işğaldan azad olunması iqtisadiyyatımızın inkişafına böyük töhfələr verəcək.

Ümumilikdə, iqtisadi rayonların sayı 10-dan 14-ə çatır. Çünki Azərbaycan iqtisadiyyatı ötən illər ərzində üç dəfədən çox böyüyüb, regional və sektoral strukturu dəyişib, habelə Qarabağın iqtisadi dövriyyəyə qayıtması və regional kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması perspektivi yeni reallıqlar yaradıb", - deyə F.Yıldırım əlavə edib.

Onun fikrincə, Prezidentin bu fərmanı gələcək inkişafımız üçün bir yol xəritəsidir: “Bu sənəd həm də bir çox mesajları özündə ehtiva edir. İqtisadi rayonların bölgüsü zamanı Qarabağ iqtisadi rayonunda da müəyyən dəyişiklər əks olunur. İlk növbədə bu bölgü Qarabağ bölgəsinin sürətli inkişafına xidmət edəcək. Bu iqtisadi rayona Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxildir. Bu region özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağı əhatə edir. Mən millət vəkili olaraq təmsil etdiyim Bərdənin də Qarabağ iqtisadi rayonuna daxil edilməsini əhəmiyyətli hesab edirəm. Biz hər zaman deyirik ki, Bərdə Qarabağın qapısıdır. Qarabağın azadlığa qovuşması ilə Bərdə və digər ətraf rayonlar da daha sürətlə inkişaf edəcək".

F. Yıldırım qeyd edib ki, digər önəmli bir məqam Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılmasıdır: “Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılmasının həm iqtisadi, həm də siyasi əhəmiyyəti var. Bu iqtisadi rayona daxil olan bölgələrin işğaldan azad edilməsindən sonra böyük inkişaf perspektivi gözləyir. Bu amil ölkəmizin iqtisadi potensialını daha da artıracaq”.