AVRO-2020: Millimizin baş məşqçisi finaldakı favoritini açıqladı

"Avropa çempionatının startından öncə proqnoz vermişdim ki, Belçika, İtaliya və İngiltərə yığmaları qızıl medallar uğrunda mübarizə aparacaqlar. Deməli, düzgün təxmin etmişəm".

Bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Super Express" nəşrinə açıqlamasında İtaliya və İngiltərə yığmalarının AVRO-2020-də finala çıxmaları barədə danışarkən deyib.

Komandaların çempionluq şanslarını dəyərləndirən italiyalı mütəxəssis həmyerlilərinin qələbəyə daha yaxın olduğunu bildirib: "Ağır oyunlardan sonra istirahət üçün daha çox vaxtları oldu. Düşünürəm ki, finalda İtaliya qalib gələcək. İspaniya ilə yarımfinal matçında əziyyət çəkdilər. Amma mən komandaya görə narahat deyildim. Kollektiv Avstriya ilə bundan əvvəlki görüşdə öz gücünü göstərmişdi".

65 yaşlı baş məşqçi İtaliya yığmasının gənc komanda olduğunu söyləyib: "Bu oyunçular daha da inkişaf edəcəklər və Roberto Mançiniyə onlarla işləmək çox rahat olacaq. Komandada heç kim özünü ulduz saymır. Hər kəs bir-birini sevir. Meydanda bir-birilərini gözüyumulu başa düşürlər. İtaliya millisi möhtəşəm ailədir".

De Byazi turnirin favoritlərindən olan Fransa millisinin 1/8 finalda mübarizəni dayandırmasının onu məyus etdiyini vurğulayıb: "Bu komandanın əla heyəti var. Amma görünür, mentalitetlə bağlı hər hansı probelm baş verdi".

Qeyd edək ki, final oyunu iyulun 11-də İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.