Vətəndaşlarda nağdsız ödənişlərə maraq yaratmaq üçün nə etmək olar?

Pərviz Heydərov yazır...

Koronavirus ilə bağlı pandemiyanın dünya və ölkəmizin iqtisadiyyatına vurduğu ağır zərbə və zərərlərin müqabilində yeganə bir xeyri oldusa, o da hesablaşmalarda nağdsız əməliyyatları genişləndirməsi oldu. Düzdür, bu sahədə bir çox dünya ölkələri bizdən irəlidədirlər. Söhbət sadəcə ondan gedir ki, pandemiya ilə əlaqədar həmin ölkələrdə elektron və yaxud rəqəmsal pul vahidinin tam hökmran olacağı gün məsələsi bir az yaxına çəkildi. Necə ki, bizdə hesablaşmalarda nağdsız əməliyatların genişlənməsi üçün illərlədir ciddi səylər göstərildiyinə baxmayaraq, məhz keçən il böyük irəliləyiş əldə olundu. Yəni, mühüm rəqəmlər qeydə alındı.

Sözün qısası, ölkədə plastik ödəniş kartlarının sayında hər il baş verən artım getdikcə daha sürətli şəkildə davam etməklə yanaşı, keçən ildən etibarən bunlarla nağdsız ödənişlərin də həcmi genişlənməyə başlayıb. Belə ki, avqust ayının əvvəlinə dövriyyədə olan ödəniş kartlarının sayı 10 400 000 ədədə bərabər olmasının fonunda, bunun 52 faizi təmassız ödənişlər üçün istifadə olunub.

Ümumiyyətlə, cari ilin birinci yarısında ölkə daxilində ödəniş kartları ilə aparılan əməliyyatların ümumi həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 22,3 faiz artaraq 15 900 000 000 manat, bunun daxilində də nağdsız ödənişlər 55,6 faiz artaraq 4 500 000 000 manat təşkil edib. Ödəniş kartları ilə aparılmış ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz yüksələrək 28,1 faizə çatmışdır.

Başqa sözlə desəm, qeyd olunan müddətdə ödəniş kartları ilə aparılan hər 100 manatlıq əməliyyatın 28 manatı nağdsız, 72 manatı isə nağd əməliyyatların payına düşüb. 2020-ci ilin birinci yarısında isə bu rəqəmlər müvafiq olaraq 22 və 78 manat nisbətində olub.

Təkrar edirəm, ölkədə qeyri-nağd hesablaşmaların genişlənməsi üçün rəsmi səviyyədə artıq neçə illərdir genişmiqyaslı işlər aparılsa da, addımlar atılsa da, istənilən səviyyədə nailiyyət əldə olunmayıb. Düzdür, bunda obyektiv səbəblər də var. Əvvəla, nağdsız ödənişlər qısa müddət ərzində böyük uğurlara imza atılacaq bir iş deyil. İkincisi, bunun üçün gərək, hər cür praktik şərait də mövcud olsun. Məsələn, nağdsız hesablaşmaların genişlənməsi üçün tələb olunan ilkin şərtlərdən biri POS-terminallardır ki, bütün xidmət və ticarət obyeklərində bunların sayı çox olmalı və durmadan artmalıdır. 
O cümlədən, digər infrastruktur imkanlar da həmçinin...

Ancaq iki il öncə də yazmışdım və təkrar qeyd edirəm: nağdsız önişlərin və yaxud hesablaşmaların, əhalidə olan bank kartlarından onlayn alış-verişin genişləndirilməsi üçün əlavə olaraq daha çox işlər görülməli və həyata keçməlidir. 

Birincisi, vətəndaşların buna marağı olmalı - onlar mariflənməlidir, ikincisi, stimullaşdırıcı elementlər genişmiqyaslı xarakter daşımalı, üçüncüsü isə, əhalinin gəlirləri də tələb olunan səviyyədə təşkil etməlidir. Bütün bunlar məsələnin ümumi tərəfləridir.

Son statistik göstəricilərə bir daha diqqət yetirək. Sual edirəm, nəyə görə cari ilin birinci yarısının yekunlarına əsasən Azərbaycanda debet və kredit kartları ilə əməliyyatların həcmi 4,3 milyard manat təşkil edib? Hansı ki, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 57 faiz çox deməkdir... 

Təkrar edirəm, buna pandemiya şəraiti zəmin yaradıb. 2020-ci il ərzində debet və kredit kartları ilə əməliyyatların həcmi üzrə rəqəmin 6,1 milyard manat təşkil etməsi də bunun nəticəsi oldu. Bu il sözügedən sahədə qeyd olunan rəqəm yəqin ki, bir az da yüksək olacaq.

Sözüm bunda deyil. Pandemiya şəraitinin yaratdığı təəsürat deməyə əsas verir ki, ölkədə hesablaşmalarda nağdsız əməliyyatlara üstünlük verilməsinə nail olmaq əslində, daha genişmiqyaslı tədbirlər tədbiq etməyi tələb edir. 

Bunların sırasında müvafiq inzibati metodların tədbiqi və qanunvericiliyin sərtləşdirilməsi də təmin olunmalıdır. O cümlədən, maaş və pensiya kartlarında saxlanan vəsaitlərə faiz hesablanması da vətəndaşlara öz pullarını kartlarda saxlamalarına böyük stimul verə bilər. 

Yeri gəlmişkən, bir məsələyə də diqqət çəkim. Bir az əvvəl, vətəndaşlar alış-veriş zamanı ödəniş çeklərinə mənasız bir kağız parçası kimi yanaşırdılar. Yəni, nə tələb edirdilər, nə də ki verəndə götürmürdülər. İndi ödəniş çekləri ƏDV-yə görə çox qiymətli bir kağız parçasına çevrilib. 

Qeyri-nağd ödənişlər də həmçinin... Bu, həm dövriyyəyə nəzarət etmək və büdcəyə vergiləri yerindəcə təmin etmək üçün dövlətə və hökumətə xeyirdir, həm də vətəndaşlara faydalı və mənfəətlidir. Amma bundan ötrü gərək, vətəndaşda maraq yaradasan... Bunun da yolu stimullaşdırıcı tədbirlərdən keçir.

İki il öncə, “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” təsdiqlənmişdi. Bu sənədə əsasən 2021-ci ilədək ölkədə nağdsız dövriyyənin həcmi 17 milyard manata çatmalı idi. Proqramın müddəti artıq, başa çatır, biz isə hələ təkrar edirəm, keçən ilin yekununa əsasən 6,1, cari ilin birinci yarısına 4,3 milyard manat səviyyəsindəyik. Bu da pandemiyaya görə...

Comment